Payızda Gəncə Dövlət Uuniversitetində «STARTUP» məktəbi yaradılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Bu proqram müasir texnoloji və texniki biliklərə yiyələnməyə hazır olan savadlı və kreativ gənclər üçün nəzərdə tutulub. Bu, son nəticədə universtetə gəlir gətirən layihədir. Texnoparkların yaradılması, biznesin inkişafına xidmət edən bu proqram universtetin maddi-texniki bazasının güclənməsinə, həmçinin əmək haqqının artırılmasına imkan verəcək”, – deyə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov bildirib.
Respublikada ilk dəfə bu cür proqram Azərbaycan Texniki Universitetində və Gəncə Dövlət Uuniversitetində yaradılıb.
Ukrayna Milli Texniki Universiteti “Kiyev Politexnika” Texnologiyalar Parkının baş direktoru Yaroslav Koloqrivov, İnformasiya Texnologiyaları İnstitutunun direktoru İnna Malyukova layihə haqqında ətraflı məlumat veriblər.
“Proqram bir neçə mərhələdə təşkil ediləcək. İlk 3 mərhələni uğurla başa vuranlar Beynəlxalq Festivalda iştirak edəcəklər. Orada uğur qazanan layihələr xüsusi sertifikatla təmin ediləcək, investorla müqavilə imzalanacaq və hazırlanması nəzərdə tutulan məhsulun kütləvi istehsalına başlanacaq”, – deyə Y.Koloqrivov qeyd edib.
Proqram tələbələr, magistrlər və gənc doktorantları əhatə edir.
F.Mehdiyev