Dünən Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezidenti Tomislav Nikoliç əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bu barədə cümə günü rəsmi mətbuatda məlumat verilir.
Görüşdə iki dövlət arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanıb, bu Oyunların keçirilməsi üçün yaradılmış şərait yüksək qiymətləndirilib.
T.Nikoliç İ.Əliyevi ölkəsinə səfərə dəvət edib.
Görüşdən öncə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı olan “Sreten” ordeni təqdim edilib.
Azərbaycan prezidenti, həmçinin Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəyə səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçi də qəbul edib.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayan dövlət başçısı bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Öz növbəsində M.İvaniç bir neçə il bundan əvvəl Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatasında Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunmasına dair qətnamə qəbul olunduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev