Cümə günü Bakıda I Avropa Oyunları start götürüb.
Avropa Oyunlarının birinci günü su polosu və sinxron üzgüçülük üzrə qadın idmançılar mübarizəyə başlayırlar.
Cümə günü səhər duet və komandalar arasında sərbəst rejimdə sinxron üzgüçülük üzrə ilkin yarış mərhələsinin 1-ci raundu başlayıb.
Komandalar 2 qrupa ayrılıb: A qrupuna Böyük Britaniya, Macarıstan, Almaniya, Hollandiya, Yunanıstan və İsrail, B qrupuna İspaniya, İtaliya, Rusiya, Serbiya, Slovakiya və Fransa daxildir.
Axşam Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Birinci Avropa Oyunları 12-28 iyun tarixlərində keçirilir. Oyunlar 20 idman növünü əhatə edir. Bunlardan 16-sı Olimpiya idman növüdür.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 50 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev