Bakı Ali Neft Məktəbində (BANM) 2014-2015-ci tədris ili üzrə Elmi Şurasının son iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-in mətbuat xidmətindən məlumat verilib.
İclası açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2014-2015-ci tədris ilinin son iclasının 15 iyun – Milli Qurtuluş gününə həsr olunduğunu bildirib.
E.Qasımov Azərbaycanda Avropa Oyunlarının açılışını xatırladaraq Azərbaycanı təmsil edən idmançılara uğurlar arzulayıb. Bütün dünyanın, o cümlədən siyasi-ictimai dairələrin, tanınmış ictimai xadimlərin, müxtəlif ölkələrdən gələn çoxlu sayda idmançıların və dünyanın bütün aparıcı KİV nümayəndələrinin qatılacağı tədbirin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu yarışlara ev sahibliyi etməsinin ölkəmizin təbliği üçün bir vasitə olduğunu qeyd edib. O, bu beynəlxalq tədbirdə Bakı Ali Neft Məktəbinin tələbələrinin də könüllü kimi iştirak edəcəklərini deyib.
Sonra E.Qasımov 2014-2015-ci tədris ilinin yekunları ilə bağlı danışıb. O, BANM-in qısa zaman ərzində böyük inkişafa nail olduğunu, bu istiqamətdə işlərin sürətlə və keyfiyyətlə aparıldığını deyib.
Ali məktəbin bu tədris ili ərzində uğurlarından danışan rektor BANM-in İSO-nun üç istiqaməti üzrə beynəlxalq sertifikata sahib olmasını ən uğurlu hadisələrdən biri kimi qiymətləndirib. O, bu uğurun həm BANM-in, həm də tələbələrin olduğunu deyib. O, qarşıdan gələn 2015-2016-cı tədris ilinin də uğurla başlanacağına, BANM-in yeni tədris ilində daha yeni uğurlara imza atacağına əminliyini ifadə edib.
A.Zeydullayeva