Rusiya komandası cümə günü Bakıda start götürən I Avropa Oyunlarında yüksək nəticələr əldə etmək niyyətindədir.
“Rusiya Bakıda ən güclü atletlərlə, həmçinin Olimpiya və dünya çempionları ilə təmsil olunub, buna görə də komandamızın uğurlu çıxışına ümid etməyə haqqımız var”, - deyə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda keçirilən I Avropa Oyunlarında Azarkeşlər Evinin açılış mərasimində bəyan edib.
Bununla yanaşı, A.Jukov Rusiya yığma komandasının uğur qazanması üçün azarkeşlərin dəstəyinin müstəsna əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, məhz bu səbəbdən Bakıda Azarkeşlər Evinin açılması barədə qərar qəbul edilib.
O vurğulayıb ki, I Avropa Oyunları bu ilin ən mühüm idman tədbiridir.
A.Jukov qeyd edib ki, Rusiya və Azərbaycan idmançılarını, o cümlədən azarkeşlərini bir çox amil birləşdirir.
“Sovet dövründə formalaşan ümumi irsimiz, ümumi mədəni, tarixi ənənələrimiz var”, - deyə o bildirib.
ROK preziednti qeyd edib ki, “bu gün Azərbaycan və Rusiya arasında idman sahəsində əməkdaşlıq daim inkişaf edir”.
A.Jukov, həmçinin məlumat verib ki, Bakıda keçirilən I Avropa Oyunlarının medalları Soçi Qış Olimpiya Oyunları üçün medallar hazırlamış Rusiyanın “Adamas” və Azərbaycanın “AzərSuvenir” şirlətlərinin birgə işinin nəticəsidir.
F.İsazadə