BMT-nin baş katibi Pan Gi Mun Bakıda Birinci I Avropa Oyunlarının açılışını salamlayıb. Bu barədə təşkilatın mətbuat katibi Stefan Dyujarrik Nyu-Yorkda keçirilən brifinqdə bəyan edib.
BMT-nin rəsmi saytına istinadən verilən məlumata görə, BMT-nin baş katibi Azərbaycanhökumətini və xalqını bu böyük tədbirin uğurla təşkil edilməsi ilə əlaqədar təbrik edib. Pan Gi Mun ümidvar olduğunu bildirib ki, Avropa Oyunlarının keçirilməsi beynəlxalq və regional əməkdaşlığın inkişafına təkan verəcək.
Birinci Avropa Oyunları 12-28 iyun tarixlərində keçirilir. Oyunlar 20 idman növünü əhatə edir. Bunlardan 16-sı Olimpiya idman növüdür.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 50 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev