Cümə günü xarici işlər naziri Elmar Məmmədyarov və Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirov ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
R.Nəsirov Azərbaycan tərəfini Birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə təbrik edib. O qeyd edib ki, xeyli sayda Ukrayna nümayəndə heyəti bu beynəlxalq yarışlarda iştirak edəcək.
DFX rəisi, həmçinin Ukraynada cərəyan edən hadisələrlə bağlı qısa məlumat verib.
Öz növbəsində, E.Məmmədyarov ukraynalı idmançıların Avropa Oyunlarında uğurla çıxış edəcəyinə ümidvar olduğunu bildirib.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev