I Avropa Oyunlarında karate yarışlarının keçirilməsi bu idman növünü Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi istiqamətində yaxşı təbliğatdır. Bunu “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq bildirib.
“Olimpiya idman növü ola biləcək bir çox idman növləri var. Bu baxımdan I Avropa Oyunlarında karate yarışlarının keçirilməsi çox yaxşı addımdır və bu idman növünün təbliğində yaxşı imkandır. Bu, karatenin Olimpiya idman növləri sırasına daxil edilməsi uğrunda göstərilən səylərə xidmət edə bilər”,- deyə S.Kleq çərşənbə axşamı jurnalistlərin suallarını cavablandırıb.
O, Avropa Oyunlarının uğula keçirildiyini və artıq 39 dəst medalın qazanıldığını bildirib.
“Dünən oyunlarda gözəl gün olub, yarışları 30 min tamaşaçı izləyib. Avropa Oyunlarına gələn tamaşaçıların orta səviyyəsi 84% təşkil edir. Bu, yüksək göstəricidir. 6 idman növü üzrə tamaşaçı sayı 100% təşkil edib”, - deyə BEGOC-un əməliyyat direktoru qeyd edib.
Onun sözlərinə görə, Avropa Oyunlarının bağlanış mərasimi üçün biletlər artıq satılıb.
“Dünən 13,5 min bilet satılıb, ümumilikdə 3 gün ərzində 37,5 min bilet satılıb. Bağlanış mərasimi üçün 48 min bilet alınıb. Artıq bağlanış mərasimi üçün biletlər tükənib”,- deyə S.Kleq qeyd edib.
O, Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş müğənni Ledi Qaqanın qonorarı barədə sualı cavablandırmaq istəməyib.
“Mən KİV-lərin bu məsələ ilə bağlı yazdıqları fikirləri şərh etməyəcəm. Açılış mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclərə gəlincə, bu, tamamilə normal göstəricidir”, - deyə S.Kleq xarici jurnalistlərin oyunların açılış mərasiminin $100 mln.-a başa gəlməsi, London Yay Olimpiya Oyunlarının açılış mərasiminə çəkilən xərclərin isə bundan iki dəfə az olması barədə suallarına cavab olaraq bildirib.
R.Babayev