48 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı, I Avopa Oyunlarının çempionu, Olimpiya Oyunlarının ikiqat mükafatçısı Mariya Stadnik 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq.
“Sentyabr ayında keçiriləcək dünya çempionatında Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparılacaq”, - deyə M.Stadnik çərşənbə axşamı jurnalistlərə bildirib.
I Avropa Oyunlarının qalibi idmançılarımızı dəstəkləyən azərbaycanlı azarkeşlərə minnətdarlığını bildirib.
“Dünən bizim yarışları izləyən, bizim üçün həyəcan keçirən bütün azarkeşlərə təşəkkür edirəm”,- deyə o qeyd edib.
“İlk növbədə göstərdiyi dəstəyə görə prezidentimizə və onun ailəsinə minnətdaram. Bu, bizim yaxşı nəticə göstərməyimiz üçün böyük stimul verdi”, - deyə idmançı vurğulayıb.
O söyləyib ki, Azərbaycanda təşkil olunmuş bu oyunlarda qələbə qazandığı üçün çox xoşbəxtdir.
“I Avropa Oyunlarının qızıl medalını qazanmaq böyük sevincdir. Bu, hamıya nəsib olmur, mənim dünən yaşadığım hissləri hər kəs yaşamır”, - deyə M.Stadnik vurğulayıb.
R.Babayev