Azərbaycandan olan məcburi köçkünlər Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı prosesi udublar. Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Belə ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxarıb. Ermənistanın Laçın rayonuna təcavüzü nəticəsində məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşı 6 aprel 2005-ci il tarixində AİHM-ə şikayət ərizəsi ilə müraciət ediblər.
XİN məlumat verir ki, AİHM şikayətçilərin xeyrinə qərar çıxarıb. Məhkəmə Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.
Bundan başqa, məhkəmə Azərbaycan ərazilərinin işğalına və qanunsuz hərbi iştiraka görə hüquqi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
Y.Əliyev