Milli Olimpiya Komitəsi (MOK) I Avropa Oyunlarında atletlərimizdən yeni qələbələr gözləyir.
“MOK I Avropa Oyunlarının mükafatçılarının təbrik edilməsi layihəsini həyata keçirməyə başlayanda biz hər gün idmançılarımızın qələbəsini qeyd edəcəyimizə inanırdıq. Bəziləri idmançılarımızın hər gün Avropa oyunlarının medallarını qazanacaqlarına şübhə edirdilər, lakin biz buna çox ümid edirdik”, - deyə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avropa Oyunları artıq 5 gündür davam edir və azərbaycanlı idmançılar hər gün turnirin qızıl medallarını qazanırlar.
“Ümid edirik ki, bizim idmançılarımız gəlcəkdə də gözəl nəticələr göstərəcəklər. Bu gün biz böyük qələbələr gözləyirik. Mübarizəyə sərbəst güləşçilərimiz başlayıblar. Onların mübarizəsi sabah da davam edəcək”,- deyə Ç.Hüseynzadə bildirib.
O qeyd edib ki, azərbaycanlı samboçuların, cüdoçuların və boksçuların da uğurla çıxış edəcəyi gözlənilir.
“Bizim voleybol komandamız son iki yarışda qələbə çalıb. Çimərlik voleybolu üzrə qadınlardan ibarət komandamız da yaxşı oyun nümayiş etdirir. Basketbolçularımızdan yaxşı nəticələr gözləyirik, onların finala çıxmasına və medallar qazanmasına ümid edirik. Ümidlərimiz böyükdür”, - deyə MOK-un vitse-prezidenti qeyd edib.
R.Babayev