Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə hazırlayıb və yaxın zamanlarda həmin qətnaməyə baxılacaq. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bəyan edib.
“İstərdik ki, Macarıstan parlamenti Xocalı faciəsinə də münasibət bildirsin”, - deyə O.Əsədov ölkəmizdə səfərdə olan Macarıstan Respublikası Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüdə bildirib.
Azərbaycan-Macarıstan əlaqələrindən danışan Milli Məclisin sədri bu əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək deyib: “Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin inkişafında mühüm rol oynayır. Bu cür səfərlər iki ölkə arasında hüquqi bazanı daha da möhkəmləndirəcək. İndiyədək Azərbaycan ilə Macarıstan arasında 40 sənəd imzalanıb”.
O, iqtisadi əməkdaşlığın da genişləndirilməsinin vacibliyini vurğulayıb: “Ölkələrimizin iqtisadi sahədə böyük potensialı var. Son dövrlər bu sahədə artım müşahidə olunur”.
Qanunverici orqanlarımızın münasibətlərindən bəhs edən O.Əsədov bildirib ki, parlamentlərarası əlaqələrimiz yüksək səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Beynəlxalq parlament təşkilatlarında bir-birimizi dəstəkləyirik.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açıb. Bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Ermənistanın işğal altında saxladığı torpaqları geri qaytarması barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, rəsmi Yerevan bu gün də təcavüzkar siyasətini davam etdirir. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır.
Birinci Avropa Oyunlarından danışan L.Köver bu Oyunların yüksək səviyyədə keçirildiyini söyləyib. O, Azərbaycan idmançılarına uğurlar arzulayıb, onların daha çox medal qazanacağına inandığını deyib.
L.Köver bildirib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin inkişafında mühüm rol oynayır. Parlamentlərarası əlaqələrin də inkişafı məmnunluq doğurur.
Görüşdə bildirilib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Problemin həll edilməsi üçün beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidir. Münaqişə ilə bağlı qəbul edilən bütün sənədlər mütləq yerinə yetirilməlidir.
R.Babayev