“Bank Technique” “Elektron hökumət” portalı (e-gov.az) vasitəsilə ilə elektron arayışlar sisteminə qoşulub. Bu barədə bankın məlumatında deyilir.
“Bankla portalın operatoru, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi arasında imzalanmış sazişə əsasən, vətəndaşlar iş yerindən arayışlarını elektron formada banka təqdim edə bilərlər”,- deyə məlumatda qeyd edilir.
E-arayışlar “Bank Technique”in bütün xidmət nöqtələrində qəbul edilir.
Beləliklə, Məlumat Hesablama Mərkəzinin bu sahədə əməkdaşlıq qurduğu bankların ümumi sayı 18-ə çatıb.
Məlumat Hesablama Mərkəzi vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsi sahəsində artıq «Bank of Baku», «Unibank», “AccessBank”, “Muğanbank”, “Bank Respublika”, “Bank BTB”, “AGBank”, “Rabitəbank”, Azərbaycan Beynəlxalq Bankı, “Expressbank”, “Dəmirbank”, “NBC Bank”, “Əmrahbank”, “ Turan Bank”, “ Parabank”, “Bank Standard” və “Nikoyl Bank” ilə əməkdaşlıq edir.
Bu xidmət vətəndaşlara 7 dövlət qurumundan elektron qaydada arayış almağa imkan verir. Gələcəkdə vətəndaşa aid fərdi məlumat üzrə elektron arayışlar verən dövlət qurumlarının sayının artırılması planlaşdırılır.
“Bank Technique” (əvvəllər “Texnikabank”) ASC 1994-cü ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir.
A.Əzizov