Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və Tovuz Rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Yarmarkaya 42 özəl və dövlət müəssisə və təşkilatından 245 boş iş yeri çıxarılıb. Əmək haqqı isə 105-300 manat arasında dəyişib”, – deyə Tovuz Rayon Məşğulluq Mərkəzinin direktoru Bəhram Pənahov bildirib.
Yarmarkada daha çox təhsil, səhiyyə, informasiya texnologiyaları sahələri üzrə vakant yerlər təklif olunub.
“Sərhəd və cəbhəyanı rayon olduğundan Tovuzda iş yerləri digər rayonlarla müqayisədə çox deyil. Ona görə də biz iş tapmayan sakinləri digər şəhər və rayonlara uyğun yerlərə işə göndəririk”, – deyə B.Pənahov qeyd edib.
Bu ilin may ayında işsiz rayon sakinlərinə ümumilikdə 5 min manat məbləğində müavinət verilib.
F.Mehdiyev