2015-ci ilin yanvar-aprel aylarında Azərbaycana buğda idxalı 742,9 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ümumilikdə respublikaya $174 mln. 255,9 min dəyərində buğda idxal olunub (artım 64,3%).
Həmçinin hesabat dövründə Azərbaycana $37 mln. 328,7 min məbləğində 77,2 min ton xam şəkər və qənd (idxal həcmi 30,4% azalıb), $24 mln. 302 min məbləğində 39,3 min ton bitki yağı (azalma 8,3%), $3 mln. 794,7 min məbləğində 1 min 653,5 ton çay (azalma 39,4%), $9 mln. 328,4 min məbləğində 4,152 min ton kərə yağı, digər yağlar və süd pastası (artım 45,5%) idxal edilib.
2015-ci ilin yanvar-aprel aylarında ölkəyə $15 mln. 765,7 min məbləğində 29 min 541,8 ton təzə meyvə (artım 6,2 dəfə), $3 mln. 858,3 min məbləğində 15 min 177,6 ton təzə tərəvəz (artım 1,5%), $5 mln. 414,9 min məbləğində 66 min 235,5 ton kartof (artım 27,1%) idxal edilib.
Bundan başqa, hesabat dövründə Azərbaycana $5 mln. 435,1 min məbləğində 2 min 626,3 min ton iribuynuzlu heyvan əti (artım 35,9%), $1 mln. 501,5 min məbləğində 1,771 min ton quş əti və digər ət məhsulları (azalma 37,6%) idxal olunub.
N.Abbasova