“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq təkbətək döyüş yarışları üzrə I Avropa Oyunlarında tamaşaçı iştirakının yüksək olduğunu qeyd edir.
“I Avropa Oyunlarının birinci həftəsi başa çatıb. Döyüş yarışlarında çoxlu sayda tamaşaçı qeydə alınıb”, - deyə S.Kleq cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, I Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın nümayəndələri ənənəvi idman növlərində güclüdürlər.
“Azərbaycan idmançıları Avropa Oyunlarının ilk günlərində yüksək nəticələr nümayiş etdiriblər, bu isə Oyunların ümumi ab-havasına müsbət təsir edir”, - deyə BEGOC-un baş əməliyyat direktoru vurğulayıb.
O qeyd edib ki, Avropa Oyunlarında tamaşaçı iştirakı üzrə orta göstərici 74% təşkil edir.
“Cümə axşamı yarışları 30 min tamaşaçı izləyib”, - deyən S.Kleq əlavə edib ki, cümə günü 12 idman növü üzrə yarışlar keçirilir. Həmçinin Avropa Oyunlarında iştirak edən velosipedçilər Bakıda yollarla tanış olacaqlar.
“Bununla əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Velosiped yarışları istirahət günləri keçiriləcək”, - deyə S.Kleq qeyd edib.
O, ümumilikdə Avropa Oyunlarının birinci həftəsinin nəticələrini yüksək qiymətləndirib.
R.Babayev