Bakı Zooparkının direktoru Azər Hüseynov şiddətli yağışlar nəticəsində baş vermiş daşqından sonra heyvanların müvəqqəti yerləşdirilməsi ilə bağlı gürcü həmkarlarına yardım göstərməyə hazır olduqlarını bəyan edib.
“Biz gürcü dostlarımızı dəstəkləməyə və zooparkımızda heyvanları müvəqqəti yerləşdirməyə, volyerlər ayırmağa hazırıq”, - deyə A.Hüseynov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, əgər Gürcüstan tərəfi belə xahişlə müraciət edərsə, müvafiq strukturların icazəsi ilə heyvanları Bakı Zooparkında yerləşdirmək mümkün olacaq.
Azərbaycanla sərhədə qədər üzüb gələn Afrika pinqvininə gəlincə isə, A.Hüseynov qeyd edib ki, onun şəxsən maraqlandığı bu məlumat təsdiqini tapmayıb.
“Dövlət Sərhəd Xidmətinin Baytarlıq Xidmətinə müraciət etdim və orada mənə bildirdilər ki, Azərbaycanla sərhəddə quş qeydə alınmayıb”, - deyən A.Hüseynov bəzi KİV-in öz təsdiqini tapmayan məlumatlar yaydığını ehtimal edib.
“Bunun mümkün olmadığını iddia edə bilmərəm, buna görə insanları bu ağır vəziyyətdə gürcü dostlara yardım etməyə çağırıram. Onlara bədbəxtlik üz verib, dəstək olmaq lazımdır, heç nədən sensasiya yaratmağı yersiz hesab edirəm”, - deyə o əlavə edib.
A.Zeydullayeva