Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və Elmi-Dini Şurasının fətvasına görə, Birinci Avropa Oyunlarında iştirak edən idmançılar Ramazan ayında oruc tutmaya bilərlər.
“Bu il orucluq Birinci Avropa Oyunlarının gərgin yarışlar dönəminə təsadüf edir. Ramazanda idmançı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər”, - deyə cümə günü QMİ-nin yaydığı Qazılar Şurasının fətvasında deyilir.
Bununla bağlı səhih mənbələrə əsaslanaraq QMİ qeyd edir ki, belə səbəblərdən oruc tutmayan şəxslər onun qəzasını Ramazan ayı başa çatandan sonra yerinə yetirməlidirlər. Çünki rəqiblə idman meydanında aparılan mübarizədə qalib gəlmək, Vətənin şərəfini qorumaq, bayrağını ucaltmaq vacib və savab əməllərdəndir.
F.İsazadə