“Azərbaycan Dəmir Yolları” QSC aktivlərin idarə olunması sisteminin yaradılması üçün maraqların ifadə edilməsi üsulu ilə məsləhətçi seçir. Bu bardə QSC-nin tender elanında deyilir.
Seçim “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsi çərçivəsində həyata keçirilir.
İşlər iki mərhələdə həyata keçirilməlidir. Birinci mərhələ 30-60 gün üçün nəzərdə tutulub və cari vəziyyətin öyrənilməsi, ilkin qiymətləndirmə, tövsiyələrlə birgə müvafiq hesabatın hazırlanmasından ibarətdir. 360 gün davam edəcək ikinci mərhələ çərçivəsində məsləhətçi aktivlərin idarə olunması üzrə plan və institusional sahədə tövsiyələr hazırlamalıdır.
İddiaçılardan ərizələr 10 iyul 2015-ci il tarixinə qədər qəbul ediləcək.
Xəbər verildiyi kimi, “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsinin ümumi dəyəri $1 mlrd.-ı ötür ki, bunun da $670 mln.-u Dünya Bankının, $215 mln.-u Çexiyanın “Exinbank”ının, qalanı isə Azərbaycan hökumətinin payıdır.
Sözügedən layihə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin müxtəlif hissələrində əsaslı təmir işlərinin aparılmasını, Bakı-Böyük Kəsik istiqamətində daimi cərəyanın dəyişən cərəyanla əvəz edilməsini, 50 yeni lokomotivin alınmasını, qatarların sürətinin artırılmasını, dəmir yolunda xidmətin keyfiyyətinin yüksəldilməsini, rəqabət qabiliyyətinin təmin edilməsini, əməliyyat və iqtisadi səmərəliliyin artırılmasını, “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə imkanlarının genişləndirilməsini nəzərdə tutur.
N.Abbasova