I Avropa Oyunları xüsusi formatda təşkil edilib və Olimpiya Oyunlarını təkrarlamır. Bunu “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq söyləyib.
“Biz əvvəldən Olimpiya Oyunlarını təkrarlamaq istəmirdik. Bu yarışlar xüsusi formatda təşkil olunub, bura həm Olimpiya, həm də qeyri-olimpiya idman növləri daxil edilib”,- deyə S.Kleq bazar ertəsi mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Yay Olimpiya Oyunlarının proqramından fərqli olaraq Avropa Oyunlarına çimərlik futbolu, “3x3” basketbolu, sambo, karate və s. kimi qeyri-olimpiya idman növləri daxil edilib.
Baş əməliyyat direktoru müsbət yenilik kimi bir məkanda paralel olaraq gimnastikanın bir neçə növü üzrə yarışların keçirilməsini qeyd edib.
“Avropa Oyunlarına məxsus yeniliklərdən biri də bir məkanda gimnastikanın bir neçə növü üzrə yarışların keçirilməsi oldu. Bu konsepsiyanı Avropa Gimnastika Federasiyası işləyib hazırlayıb. Bu, çox müsbət təcrübədir - tamaşaçılar eyni zamanda gimnastikanın müxtəlif növləri ilə məşğul olan idmançıların hərəkətlərini izləyə bilirlər”, - deyən S.Kleq əlavə edib ki, gələcəkdə Avropa Oyunları təkmilləşəcək və bu istiqamətdə Avropa ölkələrinin idman federasiyaları ilə lazımi iş aparılacaq.
Onun sözlərinə görə, növbəti Avropa Oyunlarının proqramı daha geniş ola bilər və bu proqrama yeni idman növləri daxil edilə bilər.
S.Kleq suallara cavab verərkən söyləyib ki, BEGOC yarışların monitorinqini aparır və biletlərin alverçilər tərəfindən satışı faktlarının qarşısını almağa çalışır.
O, həmnçinin deyib ki, bu günə qədər arzuolunmaz davranışına görə tamaşaçının zaldan çıxarılması ilə bağlı heç bir fakt qeydə alınmayıb.
R.Babayev