İyunun 23-də Xızı rayonunda Yaponiya hökumətinin iştirakı ilə inşa edilən tibb məntəqəsinin açılış mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Açılış mərasimi Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və Xızı rayon İcra Hakimiyyətinin başçısının iştirakı ilə keçiriləcək.
Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilib.
Layihənin reallaşdırılmasına dair sənəd 26 noyabr 2014-cü il tarixində imzalanıb.
Layihənin dəyəri $102,579 min təşkil edir.
Bu proqram çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil, ekologiya və kənd təsərrüfatı sahələrində ümumi məbləği $16 mln. 951 min 735 təşkil edən 199 layihə həyata keçirilib.
A.Zeydullayeva