“İnterfaks-Azərbaycan” agentliyinin Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili ilə müsahibəsi
- Cənab səfir, son aylarda Azərbaycan və Əfqanıstan arasında çoxlu sayda yüksək səviyyəli səfərlər baş tutub. O cümlədən Əfqanıstan prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Şakir Kargar iki dəfə Bakıda olub. Səfərlərin yekunlarını necə qiymətləndirirsiniz?
Suala görə minnətdaram. Doğrudan da son zamanlar Əfqanıstandan Azərbaycana çoxlu nümayəndə heyəti gəlib. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də Əfqanıstana ilk səfərini edib. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu yaxınlarda Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şax Saba Azərbaycana gəlib. Yəni mən son zamanlar həyata keçirilmiş yüksək səviyyəli səfərlərdən danışıram. Təbii ki, başqa səfərlər də olub, bu görüşlər zamanı səmərəli danışıqlar aparılıb. Mən Əfqanılstanın səfiri kimi deyə bilərəm ki, doğru yoldayıq - Azərbaycanla əməkdaşlıq və münasibətlərin genişləndirilməsi yolundayıq. Qeyd etmək lazımdır ki, Əfqanıstandan Azərbaycana səfərlər keçmiş hökumətin zamanında baş tutub. Keçmiş və indiki hökumət arasında fərq bundadır ki, biz indi bütün söhbət və danışıqların nəticələrini və əməli şəkildə həyata keçirilməsini görmək istəyirik. Ümid edirik yaxın gələcəkdə Azərbaycanla əməkdaşlığın bəhrəsini görəcəyik.
Qeyd etmək istəyirəm ki, prezident Əşrəf Qəni prezident İlham Əliyevlə sıx əlaqə saxlayır. Əşrəf Qəni prezident kimi vəzifəsinin icrasına başlayandan onun İlham Əliyevlə bir neçə dəfə telefon söhbəti və Münhen konfransı (təhlükəsizlik üzrə - İF- Az) çərçivəsində görüşü olub.
Azərbaycan və Əfqanıstan arasında ümumi mədəni və tarixi bağlar var. Azərbaycan həm mədəniyyət, həm də təbii sərvətlər baxımından zəngin ölkədir. Mən düz 20 il əvvəl əfqanıstanlı tələbə kimi Azərbaycanda olmuşam. O zamanlar Ermənistanın Dağlıq Qarabağa təcavüzü ilə əlaqədar olaraq vəziyyət başqa idi. 20 il sonra mən Bakıya gələrkən gördüyüm dəyişikliklərə heyrət etdim. Dəyişməyən tək şey xalqınızın mehribanlığı və qonaqpərvərliyi idi. Mən Bakını ikinci evim hesab edirəm. Azərbaycanın keçmişini, yəni ölkənin bu münaqişənin nizamlanmasına qoyduğu gücü və əməyi görən insan kimi Azərbaycan xalqını və onun rəhbərliyini təbrik edirəm. Onlar uzun, lakin səmərəli yol keçiblər.
Münaqişənin nizamlanmasında xalqın və prezident İlham Əliyevin də nümayiş etdirdiyi səbrini də qeyd etmək istərdim. Biz bilirik ki Azərbycan və Ermənistanın hərbi gücü müqayisəedilməzdir. Azərbaycanın bütün üstünlüklərini nəzərə alaraq əminliklə deyə bilərəm ki, əgər hər hansı başqa ölkə Azərbaycanın üzləşdiyi münaqişə ilə üzləşsəydi, başqa cür hərəkət edərdi.
Bütün bunlarla yanaşı, qeyd etmək istərdim ki, mən son dərəcə qürur hissi duyuram. Fəxr edirəm ki, mən Əfqanıstan nümayəndəsi kimi Bakıda keçirilən I Avropa Oyunlarının açılış mərasimində iştirak edərək bu oyunların bir hissəsi olmuşam. Deyə bilərəm ki, bu, mənim gördüyüm ən möhtəşəm açılış mərasimi idi. Azərbaycan həmişə regionda vacib rol oynayıb, Avropa Oyunlarının açılışından sonra isə hamı əminliklə deyə bilər ki, ölkə bütün dünyada mühüm rol oynayır.
-Yaxın perspektivlər barədə nə deyə bilərsiniz, yüksək səviyyəli səfərlər gözlənilirmi?
-Biz ümid edirik ki, yaxın gələcəkdə Əfqanıstandan yüksək səviyyəli nümayəndələr gələcək, həmçinin Bakıda Azərbaycan-Əfqanıstan biznes forumu keçiriləcək. Biz bunun üzərində işləyirik və tezliklə nəticələr əldə olunacaq.
Biz, həmçinin Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Dövlət Sərhəd Xidmətinin rəisi kimi, xarici işlər nazirinin də Əfqanıstana səfər edəcəyinə ümid edirik. Yəni Azərbaycan XİN başçısı da onlar kimi Əfqanıstandakı inkişafı və mövcud vəziyyəti görəcək.
Bundan başqa, biz Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfər edəcəyinə ümid edirik. Həmçinin mən özüm şəxsən prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Əfqanıstana səfər edəcəyimə ümid edirəm.
Biz Əfqanıstanın xarici işlər nazirinin də Bakıya səfər edəcəyini gözləyirik. Biz yaxın vaxtlarda onun səfərinə hazırlıq işlərinə başlayacağıq. Məqsədimiz əsasən iqtisadi və mədəni sahələrədə işləməkdir. Qadınların dövlət idarəçiliyində roluna qarşı olan “Taliban” rejiminin hakimiyyəti dövründəki çətinlikləri nəzərə alaraq bizim üçün iki ölkənin qadınları arasında əlaqələrin artırılması prioritet təşkil edir. Biz deyə bilərik ki, son 14 ildə qadınlar dövlət idarəçiliyində vacib rol oynayır.
Biz Azərbaycanda birinci xanımın aktiv fəaliyyətini müşahidə edirik. Əfqanıstanda dövlət idarəçiliyində fəaliyyət göstərən bir çox qadınlar Mehriban Əliyevanın fəaliyyəti ilə maraqlanırlar və onunla əlaqə yaratmağa, bütün dünyaya qadının rolunu göstərməyə ümid edirlər.
Artıq 6 aydır Bakıdayam. Regiondakı digər paytaxtlardan fərqli olaraq burada fərqləndirici bir xüsusiyyət gözə çarpır. Məsələn, Heydər Əliyev Mərkəzi. Mən insanlardan bu gözəlliyin arxasında kimin dayandığını soruşanda onlar cavab verdilər – qadın... Birinci xanım!
-Yəqin ki, Əfqanıstanda Azərbaycan səfirliyi fəaliyyət göstərsəydi, bu, ölkələrimiz arasında münasibətlərin daha intensiv inkişafına kömək edərdi?
- Bəli səfirliyin olmaması bizm yolumuzda müəyyən maneələr yaradır. Biz hər iki ölkədə səfirlik açmaq barədə razılığa gəlmişdik. Biz bu günə qədər Azərbaycan tərəfinin Əfqanıstanda səfirlik açmasını gözləyirik. Səfirliyin açılması işgüzar dairələr, biznesmenlər, Əfqanıstana və ya əksinə, Azərbaycana investisiyalar qoymaq istəyən iş adamları üçün yaxşı zəmin rolunu oynayacaq. Mənim gənc əfqan tələbələrlə görüşüm zamanı onlar Azərbaycanın Kabildəki səfiriliyinin harada yerləşdiyi barədə suallar verirlər.
-Siz Şahin Mustafayevin Əfqanıstana səfər etdiyini söylədiniz. Ölkələr arasında əlavə investisiya qoyuluşlarına dair razılaşma varmı? Varsa, hansı sahələrdə?
- Onu deyə bilərəm ki, Əfqanıstana səfəri zamanı Ş.Mustafayev bildirib ki, Azərbaycan tərəfi Kabilə investisiya qoyacaq. Yəni hazırda investisiyalar əsasən Əfqanıstanın şimal hissəsinə, neft-qaz sahəsinə qoyulur. Bizə Azərbaycan tərəfinin Əfqanıstanda zavod və fabriklər inşa etməkdə maraqlı olması barədə məlumat verilib.
Ş.Mustafayev səfər zamanı Azərbaycanın Əfqanıstanda sement zavodunun tikintisində maraqlı olduğunu deyib. Bu, uzun və ağır yol keçmiş Əfqanıstanın iqtisadi inkişafı üçün vacibdir.
Qeyd etmək lazımdır ki, Əfqanıstanın sərmayə qoyuluşları üçün yaxşı imkanları mövcuddur. Çox vaxt investorları təhlükəsizlik məsələləri narahat edir. Qeyd etmək istəyirəm ki, mənim hökumətim xarici investorlar qarşısında onların hər cür təhlükəsizlik tədbirləri ilə təmin edilməsinə dair öhdəlik götürür. Biz, həmçinin Əfqanıstana investisiya qoymaq istəyən xarici investorların riskini anlayırıq. Lakin necə deyərlər, risk nə qədər çox olsa, xeyir də bir o qədər çox olar. Azərbaycanlı investorlar narahat olmaya bilərlər.
- Əfqanıstan tərəfi neft-qaz sektorundan başqa, azərbaycanlı investorlara daha nə təklif edə bilər?
Dediyim kimi, Əfqanıstanda investisiya qoymaq üçün imkanlar çoxdur. Məsələn, süd məhsulları sahəsini qeyd edə bilərəm. Əfqanıstan meyvə və quru meyvə ilə çox zəngindir. Azərbaycanlı investorlar bu bazarı təhlil edə bilərlər. Bizdə orqanik kənd təsərrüfatı bitkiləri yetişdirilir. Tikinti sektoruna da investisiya qoymaq olar. Söhbət binaların və yolların tikintisindən gedir. Artıq bəzi ölkələrin və xarici şirkətlərin bizdə ofisləri mövcuddur. Nədən Azərbaycan da onların sırasına qatılmasın və öz nümayəndəliyini açmasın? Əfqanıstan və hökumət Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır.
Biz gənclərin mübadiləsində də maraqlıyıq. Mən sizin idman nazirinizin çox fəal insan olduğunu gördüm. Ümid edirəm ki, iki ölkənin müvafiq nazirlikləri arasında əlaqələr yarada biləcəyik. Xoşbəxtlikdən Azərbaycan və Əfqanıstan hökumətlərinin işləmək arzusu var.
-Cənab səfir, müsahibəyə görə təşəkkür edirəm.
- Diqqətinizə görə mən təşəkkür edirəm. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, biz əlaqələrin yaradılmasında və əməkdaşlığın genişləndirilməsində, o cümlədən “İnterfaks” kimi nüfuzlu informasiya resursları ilə əlaqələrin qurulmasında maraqlıyıq. Necə deyərlər, əgər insanın şüuru və səyləri yeni üfüqləri fəth etmək üçün açıqdırsa, o zaman geriyə baxmaq olmaz.
Azərbaycanın inkişafını görəndə mən dərhal bunu xatırlayıram. Mən bir daha Azərbaycanı təbrik etmək və Azərbaycan hökumətinə uğurlar arzu etmək istəyirəm. Mən Azərbaycanla münasibətlərin səviyyəsindən qürur duyuram. Ümid edirəm ki, Azərbaycanda fəaliyyətim dövründə bütün məqsədlərimizi həyata keçirəcəyik.
Söhbət etdi Fərdin İsazadə