Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası I Avropa Oyunlarında uğurla çıxış edəcəyinə ümid edir.
Azərbaycan yığma komandasının baş məşqçisi Xose Migel Mateus hesab edir ki, azərbaycanlı futbolçulara Avropa ölkələrindən gəlmiş daha güclü rəqiblərlə mübarizə aparmaq asan olmayacaq.
“Bizim üçün çətin olacaq, çünki yüksək diviziondan Bakıya 7 komanda gəlib. Azərbaycan komandası “B” divizionunu təmsil edir və aşağı reytinqə malikdir. Buna baxmayaraq, biz möhtəşəm futbol nümayiş etdirməyə çalışacaq və qələbə uğrunda mübarizə aparacağıq”,- deyə X.Mateus çərşənbə axşamı mətbuat konfransında bildirib.
O, Azərbaycanda çimərlik futbolunun inkişafı üçün yaxşı potensialın olduğunu deyib.
“Bu potensialdan istifadə etmək, çimərlik futboluna diqqət çəkmək, gənc futbolçular nəsli yetişdirmək lazımdır”,-deyə məşqçi bildirib.
Azərbaycan yığma komandasının qolkiperi Emin Kürdov futbolçuların yüksək əhval- ruhiyyədə olduğunu və qələbə uğrunda mübarizəyə hazır olduğunu vurğulayıb.
“Biz I Avropa Oyunlarının Bakıda keçirilməsinə və 2020-ci il futbol üzrə dünya çempionatının oyunlarının Azərbaycanda keçiriləcəyinə çox şadıq. Bu, bizə əlavə stimul verir”,- deyə o qeyd edib.
Onun sözlərinə görə,Azərbaycan komandası Avropa Oyunlarının medallarını qazanmağı qarşısına məqsəd qoyub.
“Mən Azərbaycanda futbolun olmamasına dair səsləndirilən fikirlərlə razı deyiləm. Bizdə futbol var və inkişaf edir”,- deyə E.Kürdov vurğulayıb.
R.Babayev