Qış mövsümünə kimi Goranboy rayonunun daha 8 kəndi mavi yanacaqla təmin olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Goranboy rayonunun Sarov, Baxçakürd, Azad, Dəyirmanlar, Yolğullar, Səmədabad, Əzizbəyov və Qaramusalı kəndlərində qazlaşma işləri aparılır. Yolğullar kəndində 183 sayğac qurulub və bütün daxili qaz xətləri çəkilib. Azad, Dəyirmanlar və Səmədabad kəndlərində kənd daxili qaz xətləri çəkilib və qısa müddətdə sayğaclar quraşdırılacaq” – deyə Gəncə Regional Qaz İstismar İdarəsinin təmir-tikinti şöbəsinin mühəndisi Fəqani Əhmədov bildirib.
İlk dəfə Sarov kəndinə diametri 57 mm olan 5 km uzunluğunda boru xətti çəkilib. Proses yekunlaşdıqdan sonra 240 ailənin yaşadığı mənzillərə sayğaclar quraşdırılacaq.
Goranboyun 78 kəndindən 56-sı mavi yanacaqla təmin edilib. Nəticədə rayon üzrə abonentlərin sayı 17 min 399-a yüksəlib.
F.Mehdiyev