Avropa Olimpiya Komitəsi və Avropa ölkələrinin İdman Federasiyaları I Avropa Oyunlarının keçirilmə səviyyəsindən razı qalıb. Bunu “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleq söyləyib.
“Biz əsasən idmanla məşğuluq və biz I Avropa Oyunlarının dünya idmanı standartlarına uyğun gəlməsi üçün əlimizdən gələni edirik. İdmana aid olmayan heç nə diqqətimizi dağıtmamalıdır”,- deyə S.Kleq çərşənbə günü mətbuat konfransında bir sıra Qərb KİV-lərinin Avropa Oyunları ilə bağlı tənqidi fikirlərinə dair sualı cavablandırarkən söyləyib.
O, KİV-lərdə idman tədbirlərinin işıqlandırılması səviyyəsindən razı qaldığını söyləyib.
“Avropa Oyunlarında 1288 yerli və xarici jurnalist akkreditasiyadan keçib ki, bu da ilk dəfə keçirilən belə bir tədbir üçün çox yüksək göstəricidir. Biz jurnalistlərin turniri işıqlandırmaq üçün gördükləri işi müsbət qiymətləndiririk”, - deyə S.Kleq qeyd edib.
BEGOC nümayəndəsi deyib ki, Oyunlarda iştirak edən bütün idmançılara xatirə medalları təqdim ediləcək.
“Yarışlarda iştirak edən hər bir idmançıya Avropa Oyunlarının xatirə medalları təqdim edilir. Lakin əsas odur ki, onlar özləri ilə Azərbaycan barədə və I Avropa Oyunlarında iştirak etmələrinə dair gözəl xatirələr aparacaqlar”, - deyə S.Kleq qeyd edib.
Onun sözlərinə görə, çərşənbə günü və cümə axşamı Bakının Fəvvarələr meydanında atlet və gimnastların iştirakı ilə tədbir keçiriləcək.
“Bu, gözəl tamaşa olacaq, çünki küçə atletlərinin çıxışları tamaşaçıların arasında olacaq və tamaşaçılar onları tribunalardan deyil, çox yaxından izləyə biləcəklər”, - deyə S.Kleq qeyd edib.
Onun sözlərinə görə, yarışları izləmək üçün əlavə biletlərin satışı təşkil edilib.
R.Babayev