Azərbaycan Silahlı Qüvvələrinin döyüş potensialının möhkəmləndirilməsi Müdafiə Nazirliyinin prioritetlərindən biridir. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov söyləyib.
“Bizim ümumi fəaliyyətimizin əsas istiqamətlərindən biri Silahlı Qüvvələrin döyüş arsenalının ən son tələblər əsasında yenilənməsi vasitəsi ilə güclənməkdir”, - deyə Z.Həsənovun çərşənbə günü Müdafiə Nazirliyinin saytında dərc edilmiş 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş məqaləsində bildirilir.
“Son illər ərzində Azərbaycanın hərbi xərcləri sürətlə inkişaf edib və qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir 152 mm “Msta-S”, 120 mm “Vena” özüyeriyən artilleriya qurğuları, 122 mm “Sakarya” reaktiv yaylım atəşi sistemləri, 120 mm “Sani” minaatan kompleksləri, 220 mm TOS-1A reaktiv qurğuları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları daxil olub.
İlk növbədə ön xətdə yerləşən və digər hərbi hissələr daha müasir, şəxsi heyətin təhlükəsizliyini daha səmərəli təmin edən zirehli dəbilqələrlə təchiz olunub. Hərbi qulluqçuların geyimlərinin modelində və digər əşya əmlaklarının keyfiyyətində də əsaslı dəyişikliklər baş verib. Onlar birdəfəlik sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə təmin edilir.
Nazir şəxsi heyətin qidalanması ilə bağlı məsələlərdən də danışıb. Onun sözlərinə görə, qida rasionun yxşılaşdırılması vvə yemeəklərin çeşidinin artırılması üçün əsasən milli mətbəxə üstünlük verilir.
“Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Qısa bir müddətdə relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyətinin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi həllini tapıb. Həmçinin ön xətdə yerləşən hərbi hissələrin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə onlar qablaşdırılmış su ilə təmin olunur”,- deyə o bildirib.
F.İsazadə