Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçev bəyan edib ki, Ermənistanda baş verən son hadisələrdə “rəngli inqilab”ın əlamətlərini müşahidə edir.
“Ermənistanda vəziyyət iqtisadi və sosial şəraitdən narazı insanların münaqişəsi kimi inkişaf edir”, - deyə K.Kosaçev çərşənbə günü jurnalistlərə bildirib.
“Lakin burada aldanmaq mümkün deyil: “rəngli inqilab”ların hər biri məhz bu cür başlayıb, sonra siyasi hadisələrə çevrilib. Və düşünürəm ki, Ermənistan bu cür ssenaridən sığortalanmayıb”, - deyə senator hesab edir.
Onun sözlərinə görə, Ermənistanda fəaliyyət göstərən xarici qeyri-hökumət təşkilatlarının sayı Rusiya tərəfinə çoxdan məlumdur. “Onların sayı yüzlərlədir və əksəriyyəti bu və ya digər üsulla Ermənistanda Rusiyaya qarşı ictimai meyllər oyatmaq, vətəndaş cəmiyyətini qərbə meyilli seçimə təhrik etməyə çalışırlar. Bu, həmin meyllərə təhrik edənlərin böyük səhvidir, çünki bu yenə də indiki halda suveren ölkə olan Ermənistana Qərb ilə Şərq, Şimal ilə Cənub, Rusiya və Avropa İttifaqı arasında seçim etmək təklifidir”, - deyən K.Kosaçev vurğulayıb ki, bu cür seçim “tamamilə sünidir”.
“Bu seçim Ukraynanı parçaladı və həmin proses indi da davam edir. Bu, istənilən ölkə ilə baş verə bilər, bu, çirkin və şərəfsiz siyasi oyundur, dövlətlər və insanlar ondan əziyyət çəkirlər”, - deyə K.Kosaçev söyləyib. O əmin edib ki, RF Ermənistanda baş verən hadisələrdən kənarda qalmayacaq.
“Baxmayaraq ki, hansısa nəticələr çıxarmaq tezdir, ancaq biz bu vəziyyəti diqqətlə izləyəcəyik və hadisələrin inkişafının gedişatına reaksiya verəcəyik”, - deyə K.Kosaçev yekun vurub.