Şəmkirdə sanitar-gigiyenik qaydalara əməl etməyən 3 obyektin fəaliyyəti dayandırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“12 ictimai iaşə obyektində yoxlama aparılıb. Sanitar-gigyenik tələblərə cavab verməyən 8 obyektin sahibinə qarşı inzibati tənbeh tədbiri görülüb. İnsan həyatına təhlükə olduğu üçün 2 ictimai iaşə və 1 ticarət obyektinin fəaliyyəti dayandırılıb”, – deyə Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sahib Sadıqov bildirib.
Şəmkirdə quş ətindən hazırlanan dönər satışı ilə bağlı da bir neçə sahibkara ilkin xəbərdarlıq edilib.
“Toyuq dönərinin hazırlanması və satşı ilə məşğul olan 8 obyektdə yoxlama aparmışıq. Orada gigiyenik qaydalara əməl olunmur. Bu səbəbdən də belə fiziki şəxslərin barəsində inzibati qaydada tədbir görülür”, – deyə S.Sadıqov əlavə edib.
Qeyd edək ki, qanunsuz dönər satışı ilə məşğul olan fiziki şəxslər ilkin xəbərdarlıqdan sonra 50-100, hüquqi şəxslər isə 200-400 manat dəyərində cərimə olunurlar.
F.Mehdiyev