Azərbaycanın «Region Plus» jurnalı Britaniyanın “The Guardian” qəzetinin yol verdiyi saxtakarlığı aşkar etdikdən sonra nəşr israilli fotoreportyor Tomerin ayağına yazdığı Azərbaycan əleyhinə replikalarının çoxunu öz saytından silib. Bu barədə jurnalın saytında dərc olunan “The Guardian” izləri silir” adlı məqalədə deyilir.
Məqalədə xatırladılır ki, “The Guardian” T.İfrahın fotoreportajını digər nəşrdən - «The Calvert Journal»dan götürərək yenidən dərc edib. Reportajın orijinal variantında müəllif Azərbaycanda şahidi olduğu bütün gözəllikləri təsvir edir. Lakin müəllifin özünün etiraf etdiyi kimi, “The Guardian” onun sözlərinə mənfi çalarlarla dolu olan bütöv abzaslar əlavə edib. «Region Plus»un ifşası və T.İfrahın etirazlarından sonra nəşr materialda "düzəlişlər etmək" qərarına gəlib.
Jurnal müqayisə üçün oxucuların diqqətinə “The Guardian”ın materialının ilkin versiyasını və artıq düzəliş edilmiş variantını təqdim edir. Məqalə ilə http://regionplus.az/posts/view/61384 saytında tanış olmaq olar.