Milli Məclisin deputatları, GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov, üzvləri Əli Məsimli və Mirkazım Kazımov qurumun bir sıra tədbirlərində iştirak etmək üçün cümə axşamı Kiyev şəhərinə səfərə yola düşürlər. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədov GUAM-ın “Avropada təhlükəsizlik: cari vəziyyət və siyasət qurucuları üçün dərslər” mövzusundakı konfransında çıxış edəcək.
Səfər çərçivəsində azərbaycanlı deputatlar GUAM PA-nın Siyasi və hüquqi məsələlər üzrə komitəsinin iclasında iştirak edəcəklər. Müşavirədə GUAM ərazisindəki münaqişələrin siyasi-hüquqi aspektləri, beynəlxalq təşkilatlarda quruma üzv ölkələrin mövqelərinin möhkəmləndirilməsi, birgə bəyanatların reallaşdırılması və digər məsələlər müzakirə olunacaq.
Milli Məclisin deputatlarının Ukraynaya səfəri iyunun 28-də başa çatacaq.
R.Babayev