Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il büdcəsinin icrasını təsdiq edib.
Fondun 2014-cü il büdcəsinin icrası haqqında hesabat dövlət başçısının rəsmi saytında dərc edilib.
Sənədə əsasən, 2014-cü ildə ARDNF-in gəlirləri 12 mlrd. 731 mln. 16,7 min manat təşkil edib. Gəlirlər üzrə plan 109,5% yerinə yetirilib.
Gəlirlərin strukturunda mənfəət neftinin və qazının satışından daxilolmalar 12 mlrd. 319 mln. 846,6 min manat təşkil edib.
Bundan başqa, akrhesabı ödənişlər 1 mln. 661,1 min manat, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 8 mln. 910,2 min manat, 2014-cü il ərzində neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) 13 mln. 344,3 min manat, Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 387 mln. 204,8 min manat, digər gəlirlər 49,7 min manat təşkil edib.
2014-cü ildə ARDNF-in xərcləri 10 mlrd. 117 mln. 207,4 min manat təşkil edib. Xərclər üzrə plan 95,5% yerinə yetirilib.
Xərclərin strukturunda Azərbaycanın dövlət büdcəsinə transfertlər 9 mlrd. 337 mln. manat təşkil edib.
Bundan başqa, qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 299 mln. 998,2 min manat, Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 223 mln. 538,3 min manat, Samur- Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 80 mln. 220,9 min manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 57 mln. 40,3 min manat, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsinə 33 mln. 493,7 min manat, Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsinə 39 mln. 999,3 min manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı 45 mln. 916,7 min manat vəsait ayrılıb.
1999-cu ildə yaradılan Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
N. Abbasova