SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-2016-cı illərdə Rumıniyada SOCAR brendi altında 13-14 yanacaqdoldurma məntəqəsi (YDM) açmağı planlaşdırır. Bu barədə Rumıniya KİV-ləri SOCAR-ın marketinq və sərmayələr üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyova istinadən məlumat verir.
Onun sözlərinə görə, hazırda şirkətin Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən 32 yanacaqdoldurma məntəqəsi var.
“Biz Rumıniyada 500 nəfərə yaxın işçinin çalışdığı və irihəcmli əməliyyatlar həyata keçirən şirkət yarada bildiyimiz üçün şadıq. Lakin biz daha çox iş görmək istəyirik, ilk addım olaraq yerli bazarda neft məhsullarının satış həcmi və YDM-lərin sayı artırılacaq. Biz 2015-ci ilin sonuna qədər Rumıniyada 3 və ya 4, gələn il isə daha 10 yeni YDM açacağıq”,- deyə V.Bəylərbəyov qeyd edib.
Onun sözlərinə görə, bəzi yanacaqdoldurma məntəqələri tikiləcək, bəziləri isə alınacaq və adları dəyişdiriləcək.
“ARDNŞ Rumıniyaya artıq 50 mln. avro sərmayə yatırıb və yaxın 2-3 il ərzində YDM şəbəkəsinin genişləndirilməsi üçün daha 50 mln. avro ayırmaq niyyətindədir”,- deyə V.Bəylərbəyov bildirib.
Xəbər verildiyi kimi, SOCAR Rumıniyada 2011-ci ildən fəaliyyət göstərir.
N.Abbasova