Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin xarici dilə mükəmməl yiyələnmələri üçün dünyanın aparıcı ali məktəblərində təhsil almalarının zəruriliyini qeyd edir.
“Azərbaycanda gənclərin digər ölkələrdə təhsil almalarına dair dövlət proqramı tətbiq edilir. Bu səbəbdən istərdik ki, jurnalistika fakültələrinin tələbələri peşəkar biliklərini artırmaq və xarici dillərə mükkəmməl yiyələnmək məqsədilə dünyanın aparıcı ali məktəblərində təhsil alsınlar”, - deyə Ə.Amaşov Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfransda vurğulayıb.
Onun sözlərinə görə, bununla əlaqədar dövlət proqramı qəbul etmək olar.
“Niyə Azərbaycanda ilk qəzet və jurnal təsisçiləri xalqı təhsil və irəliləyişə apara bildilər? Çünki onlar dünyanın aparıcı təhsil müəssisələrində təhsil alıblar və savadlı olublar”, - deyə Ə.Amaşov qeyd edib.
Mətbuat Şurasının sədri Bakıda keçirilən Birinci Avropa Oyunları ilə əlaqədar Qərbin müxtəlif dairələrinin Azərbaycan əleyhinə apardığı kampaniyanının qarşısının alınmasında azərbaycanlı jurnalistlərin xüsusi rolunu qeyd edib.
“Qeyd etmək istərdim ki, xarici dilləri bilən savadlı jurnalist və redaktorlarımızın sayı nə qədər çox olarsa, onlar aktiv fəaliyyətləri ilə bu cür mənfi faktlara qarşı asanlıqla mübarizə apara biləcəklər”, - deyə Ə.Amaşov bildirib.
Tədbirdə bir sıra KİV rəhbərləri Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar fəxri fərmanlarla təltif olunublar.
R.Babayev