Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının (Asian Infrastructure Investment Bank, AIIB) əsas təsis sənədini imzalayıb. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Pekində təsisçi üzv statusuna malik olan 57 ölkənin nümayəndələrinin iştirakı ilə sazişin imzalanma mərasimi keçirilib.
Azərbaycanın nümayəndə heyətinə maliyyə naziri Samir Şərifov rəhbərlik edib.
Sənədi 50 təsisçi ölkənin nümayəndələri imzalayıb. Qalan 7 potensial təsisçi ölkə 2015-ci ilin sonuna kimi sənədi imzalamağı planlaşdırır.
Saziş 24 oktyabr 2014-cü il tarixində 22 dövlətin qəbul etdiyi AİİB-nin yaradılmasına dair Anlaşma Memorandumu çərçivəsində imzalanıb.
Mənzil-qərargahı Pekində yerləşəcək bankın nizamnamə kapitalı $100 mlrd. təşkil edəcək. AİİB-nin 2016-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.
A.Axundov