Azərbaycan idmançıları Birinci Avropa Oyunlarında gözəl nəticələr nümayiş etdiriblər. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“İdmançılarımız Birinci Avropa Oyunlarında gözəl nəticələr nümayiş etdiriblər. Ən cəsarətli proqnozlarımda belə güman etməzdim ki, Azərbaycan yığması 56, o cümlədən 21 qızıl medal qazanaraq yarışlarda komanda hesabında 2-ci yeri tutacaq”, - deyə A.Rəhimov bazar ertəsi Avropa Oyunlarının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan atletləri Avropa Oyunlarında iştirak etməklə adlarını Azərbaycanın idman tarixinə yazdılar.
“Biz qarşıya qoyulan vəzifəni həyata keçirdik və Azərbaycanı dünyaya gözəl ölkə kimi təqdim etdik. Avropa Oyunlarının bağlanış mərasimində dünyaya necə yaxın olmaq istədiyimizi nümayiş etdirdik. Bakının Avropaya, Avropanın isə Bakıya nə dərəcədə yaxın olduğunu göstərdik”, - deyə A.Rəhimov vurğulayıb.
Nazir qeyd edib ki, prezident İlham Əliyev bazar ertəsi idmançıları və məşqçiləri təbrik edərək onlara yüksək mükafatlar təqdim edib.
R.Babayev