Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Moskva vilayətinin Zveniqorod şəhərində baş tutan IX Beynəlxalq Yay Teatr Məktəbində kurs keçiblər.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Teatrın iki gənc və istedadlı aktyoru - Günel Məmmədova və Eşqin Quliyev Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-nin Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbindən geri dönüblər.
IX Beynəlxalq Yay Teatr Məktəbində ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Azərbaycan, Ukrayna, Polşa, İsrail, Türkmənistan, Gürcüstan və ümumilikdə dünyanın 20 ölkəsindən 85 nümayəndə iştirak edib.
Layihə çərçivəsində gənc aktyorlara gündəlik təcrübə ilə yanaşı, tanınmış teatr xadimlərinin ustad dərsləri keçirilib. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-nin xalq artisti Aleksandr Kalyaginin, eləcə də teatr pedaqoqu, professor, Sankt-Peterburq Dövlət Teatr İncəsənəti Akademiyasının "Aktyor və rejissorluq" kafedrasının müdiri Veniamin Filştinski, xalq artistləri Vyaçeslav Polunin, Lev Dodin, RF-nin əməkdar artisti İqor Zolotovitskiy, RF-nin əməkdar incəsənət xadimi Sergey Jenovaç, Boris Konstantinov və başqalarının rəhbərliyi ilə baş tutub.
1 aylıq təlimlərin yekunu olaraq məktəbdə iştirak edən aktyorlar 5 tamaşa ilə özlərini sınayıblar
Aktyorlarımız İ.A.Buninin "Yüngül nəfəs" ("Легкое дыхание") və "Qaranlıq xiyabanlar" ("Темные аллеи") novellaları əsasında hazırlanmış "Bunin. Etüdlər" ("Бунин. Этюды") tamaşasında uğurla çıxış ediblər.
A. Zeydullayeva