Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) milli əlaqələndiriciləri 15-17 iyul tarixlərində Yaponiyaya səfər edəcəklər.
GUAM-ın baş katibi Valeri Çeçelaşvili “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində məlumat verib ki, səfər Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə baş tutacaq.
“Biz həm XİN-də danışıqlar aparacağıq, həm də regionun siyasi və iqtisadi problemlərinə həsr olunan geniş beynəlxalq konfransda iştirak edəcəyik”, - deyə baş katib bildirib. O vurğulayıb ki, GUAM-ın nümayəndələri bu səfərdən təşkilata üzv ölkələrin postsovet məkanında dondurulmuş münaqişələrə dair mövqeyinin dəstəklənməsi məqsədilə Yaponiya ictimai rəyini daha da səfərbər etmək üçün faydalanacaqlar.
“İndi Tokio ilə vəzifəmiz Yaponiya-GUAM əməkdaşlığına dair ölkə hökuməti ilə plan imzalamaqdır. Bu plan bizim mövcud olan konkret layihə və əməkdaşlıq proqramlarımıza əsaslanır və praktiki olaraq energetikadan başlayaraq və su resurslarının idarə edilməsinə qədər çox geniş spektri əhatə edir”, - deyə V.Çeçelaşvili qeyd edib.
Onun sözlərinə görə, mart ayında Yaponiyada GUAM ölkələrinin mütəxəssislərinin iştirakı ilə su resurslarının idarə edilməsinə dair çox maraqlı seminar keçirilib.
“Bildiyiniz kimi, Yaponiya XXI əsr texnologiyalarına malik olan, yəni texnoloji cəhətdən super inkişaf etmiş dövlətdir. Mütəxəssislərimizə orada çox maraqlı idi. Onlar yaxşı çalışdılar, öz aralarında əlaqələr qurdular, bu səfərin nəticələri üzrə GUAM Katibliyində toplaşmaq barədə razılığa gəldilər. Əməkdaşlığa dair yaxşı layihələr və proqramlar təqdim edildiyi halda yapon həmkarlarımız onların həyata keçirilməsində iştirak etməyə və həmin layihələri birgə maliyyələşdirməyə hazır olacaqlar. Bu, yaponlarla praqmatik əməkdaşlığımızın konkret nəticəsidir”, - deyə baş katib vurğulayıb.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/644116 saytında tanış olmaq mümkündür.
R.Babayev