“Ziraat Bank Azərbaycan” ASC (Türkiyənin “Ziraat Bankası”nın törəmə strukturu) biznes proseslərini "Elektron Hökumət" portalı vasitəsilə avtomatlaşdırmaq niyyətindədir. Bu barədə portalın məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, əməkdaşlıq məsələləri portal və bank nümayəndələrinin görüşü zamanı müzakirə olunub.
Müzakirələr zamanı bank nümayəndələri bildiriblər ki, portal vasitəsi ilə müştərilərlə əməliyyatların əksəriyyətini avtomatlaşdırmağı planlaşdırırlar. Bu, müştərilərə xidmət prosesini sürətləndirməyə imkan verəcək.
Bundan əlavə, görüşdə internet bankçılıq və elektron arayışlar barəsində də müzakirələr aparılıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da “Ziraat Bank Azərbaycan” ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. Bankın nizamnamə kapitalı 50 mln. manat təşkil edir.
A.Əzizov