Britaniya hakimiyyəti Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Londona gözlənilən səfərinə görə məsuliyyət daşımır. Bu barədə Britaniyanın Bakıdakı səfirliyinin bəyanatında deyilir.
Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) – “Chatham House” B.Saakyanı Londona dəvət edib. O, iyulun 8-də Dağlıq Qarabağ ətrafında vəziyyət və regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparacaq. Qarabağ separatçılarının lideri spiker qismində dəvət edilib və de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti kimi təqdim edilib.
“Böyük Britaniya qondarma Dağlıq Qarabağ Respublikasını tanımır və Britaniya hökuməti bu respublikanın nümayəndələri ilə əlaqə saxlamır. B.Saakyan Böyük Britaniyaya müstəqil olaraq səfər edir və rəsmi Londonun onun səfərində heç bir rolu yoxdur”,- deyə səfirliyin bəyanatında bildirilir.
Səfirlik qeyd edib ki, “Chatham House” müstəqil institutdur və tədbirlərinə kimi dəvət etməsi ilə bağlı qərarları özü qəbul edir.
“Böyük Britaniya hökuməti QHT-lərin azad fəaliyyəti prinsiplərinə hörmətlə yanaşaraq, bu qərarların qəbul olunmasına heç bir təsir göstərmir”,- deyə bəyanatda vurğulanır.
F.İsazadə