Türkiyənin “Kanal Z” telekanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb. Bu barədə “Azərkosmos” ASC-nin məlumatında deyilir.
Məlumatda vurğulanır ki, yayım 11015/H/30000 tezlikdə həyata keçirilir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb.ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.