Maliyyə naziri Samir Şərifov yerli sığorta şirkətlərini təqdim etdikləri xidmətlərin keyfiyyətinin azaldılması hesabına maksimum həcmdə mənfəət əldə etməyə çalışmamağa çağırıb.
“Sığorta şirkətlərini göstərdikləri xidmətin keyfiyyətində diqqətli olmağa çağırıram. Bu sahədə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ölkənin sığorta sektorunun inkişafının prioritet istiqamətlərindən biridir”, - deyə S.Şərifov cümə axşamı Bakıda keçirilən VI Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı yaxın 2-3 il üçün sektorun inkişaf prioritetləri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, son zamanlar vətəndaşların sığorta şirkətlərindən şikayətlərinin sayı azalıb.
Nazir qeyd edib ki, sığorta agentlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, şirkətlərin dələduzluğa qarşı fəaliyyəti, şirkətlərin əməkdaşları üçün təlimlərin keçirilməsi də prioritet təşkil edir.
Dövlət dəstəyinin sektor üçün hələ də mühüm əhəmiyyət kəsb etdiyini deyən S.Şərifov vurğulayıb ki, bu sahədə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə əməkdaşlıq etmək nəzərdə tutulur.
A.Axundov