İcbari Sığorta Bürosu (İSB) payıza qədər icbari sığortanın inkişafına dair təkliflər paketini Maliyyə Nazirliyinə təqdim edəcək. Bu barədə cümə axşamı jurnalistlərə İSB-nin icraçı direktoru Elxan Quliyev məlumat verib.
“İndi ölkədə əmlaka dair dəqiq məlumat əldə etmək çətindir. 2013-cü ilin statistikasına görə, respublikada 3 mln.-dan artıq daşınmaz əmlak obyekti var. Bu məlumatlara əsaslanaraq demək olar ki, daşınmaz əmlak obyektlərinin 8-10%-i icbari sığorta ilə əhatə olunub”, - deyə E.Quliyev bildirib.
Onun sözlərinə görə,ölkədə qeydiyyata alınan avtomobillərin təxminən 50%-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) ilə əhatə olunub.
“Bu rəqəmlər çox aşağıdır. Büronun əsas məqsədi həmin göstəriciləri 90-95%-dək artırmaqdan ibarətdir. Bu səbəbdən 1-2 ay ərzində büro ölkədə icbari sığortanın əhatə dairəsinin genişləndirilməsinə dair təkliflərin də daxil olduğu təkliflər paketini Maliyyə Nazirliyinə təqdim edəcək”, - deyə E.Quliyev qeyd edib.
Büronun icraçı direktoru vurğulayıb ki, icbari sığorta şəhadətnaməsinə malik olmayan şəxslərə tətbiq olunan cərimələrin artırılması bu problemin həlli yollarından biri ola bilər.
A.Əzizov