Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) icbari sığorta növləri üzrə tariflərin artırılması üçün əsas görmür.
“Bu gün Azərbaycanda icbari sığorta növləri üzrə tariflərin artırılmasına əsas yoxdur. Həmin növlərin zərərliliyi ilə də bağlı problemlər yoxdur”, - deyə DSNX rəisi Namiq Xəlilov cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda bazarda sığortaçıların icbari sığorta növləri üzrə bu cür əməliyyatların aparılmasına çəkdikləri xərclərin optimallaşdırılması problemi mövcuddur. “Onlar iş prinsiplərini təkmilləşdirməklə, informasiya texnologiyalarını daha geniş tətbiq etməklə xərclərini azalda bilərlər”, - deyə o qeyd edib.
N.Xəlilov şirkətlərin xərcləri azalda biləcəyi üsulları sadalayaraq vurğulayıb ki, sığortaçılar sığorta agentlərinə yüksək komisyon haqları ödəyirlər.
Hazırda Azərbaycanda icbari sığortanın 5 növü tətbiq edilir: istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin sığortası.
2015-ci ilin yanvar-may aylarında sığortaçıların icbari sığorta növləri üzrə sığorta haqları 73,9 mln. manat (artım 21%), xüsusi çəki bazar üzrə bütün sığorta haqlarının 35,6%-ni təşkil edib. Bununla yanaşı, cari ilin 5 ayı ərzində bu sığorta növləri üzrə 17,2 mln. manat (artım 8%) ödənilib, xüsusi çəki bütün ödənişlərin 23,1%-nə bərabərdir.
A.Axundov