2 iyul - Polis Günü münasibəti ilə Samux və Göygöl rayonlarında təşkil olunan tədbirlərdə veteran əməkdaşlar və fəal polis işçiləri mükafatlandırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Samuxda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə rayon polis şöbəsi üçün yeni inzibati bina istifadəyə verilib.
Rayon polis şöbəsinin rəisi Akif Nəbiyev əhali arasında aparılan profilaktik söhbətlər nəticəsində Samuxda əvvəlki illərlə müqayisədə ağır cinayətlərin sayının azaldığını bildirib.
Göygöldə keçirilən tədbirdə rayon polis şöbəsinin rəisi Bahadur Şükürov rayonda baş verən cinayət hadisələrinin böyük əksəriyyətinin açıldığını qeyd edib. O vurğulayıb ki, Göygöl Rayon Polis Şöbəsi üçün müasir inzibati bina tikilib, polis əməkdaşlarına yeni xidməti avtomobillər paylanılıb.
Hər iki tədbirdə veteran əməkdaşlara və xidmətdə fərqlənən bir qrup polis işçisinə fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim edilib.
F.Mehdiyev