Göygölün Yeni Qızılca kəndinə ilk dəfə olaraq mavi yanacaq veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“700-dən artıq abonenti olan Yeni Qızılca kəndinə ilin sonunadək mavi yanacağın verilməsi planlaşdırılır. Bu məqsədlə 90 km uzunluğunda müxtəlif diametrli paylayıcı xətt çəkiləcək”, – deyə Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Şübay Nəsibov bildirib.
Kəndin mavi yanacaqla təchizatı birpilləli sistem üzrə aparılır və bütün mənzillərdə fərdi tənzimləyici və sayğac quraşdırılacaq.
“İlin sonunadək rayonun bəzi kənd və qəsəbələrində yeni salınan yaşayış massivlərinin də qazlaşdırılması planlaşdırılır”, – deyə baş mühəndis qeyd edib.
Hazırda Göygöl rayonunda 1 şəhər, 6 qəsəbə və 23 kənd olmaqla 12740 abonent mavi yanacaqdan istifadə edir.
Goranboyda isə rayon mərkəzini Borsunlu kəndi ilə birləşdirən yol əsaslı təmir edilir. 3 kəndi birləşdirən ikizolaqlı yol rayondan Gəncə istiqamətinə əsas çıxışdır.
“Uzunluğu 15 kilometr olan yol Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolu ilə Goranboy rayonunu birləşdirən 3-cü kateqoriyalı yoldur. Təmir işləri zamanı 3 avtomobil körpüsündə də bərkitmə prosesi aparılıb”, – deyə 19 saylı Goranboy Yol İstismar İdarəsinin baş mühəndisi Ruslan Muradov qeyd edib.
19 saylı Yol İstismar İdarəsi ümumlikdə 317 kilometr yola xidmət edir ki, bunun da 59 kilometri dövlət əhəmiyyətli yol sayılır.
F.Mehdiyev