Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakini İman Hüseynovun (1952-ci il təvəllüdlü) cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Məhkəmədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, İ.Hüseynov Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunur.
Cari ilin fevral ayında Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsi “RUM” MTK-nın rəhbəri İ.Hüseynovun qanunsuz hərəkətləri ilə əlaqədar araşdırmaya başlayıb və məhkəmənin qərarı ilə o, həbs olunub. İstintaq zamanı müəyyən edilib ki, ittiham olunan şəxs sənədləri saxtlaşdıraraq başqasının əmlakını mənimsəmək məqsədilə Bakının Xətai rayonunda şirkətin inşa etdiyi 41 nömrəli evdə mənzilləri təkrar satıb. Bununla da zərərçəkən şəxslərdən 185,55 min manat əldə edib.
İşə baxılması iyulun 24-nə təyin edilib.
C.Həmidov