Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) sığorta agentləri tərəfindən dələduzluqla mübarizə üçün mövcud qanunvericiliyə dəyişikliklərin layihəsini hazırlayıb. Bu barədə DSNX rəisi Namiq Xəlilov məlumat verib.
“Dəyişikliklər internet, bankomatlar, ödəniş terminalları vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə şəhadətnamələr satmağa imkan verəcək”, - deyə N.Xəlilov cümə günü Bakıda keçirilən VI Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ideyalardan biri elektron yolla alınan AVSMMİS üzrə şəhadətnamələrin qiymətinin adi üsulla əldə edilən şəhadətnamələrdən 10% ucuz olması ilə bağlıdır.
“Biz ilk gündən böyük həcmdə onlayn satışa nail ola bilməyəcəyimizi anlayırıq. Buna görə də stimullaşdırıcı addım kimi bu cür şəhadətnamələri məsələn, agentlərin satdığı şəhadətnamələrlə müqayisədə 10% ucuzlaşdırmağı düşünürük”, - deyə N.Xəlilov qeyd edib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 15 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 11 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
2014-cü ildə Azərbaycanda sığortaçıların avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə haqları 70 mln. 687,551 min manat təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 2,04% çoxdur.
A.Axundov