Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir Azərbaycanla ABŞ arasında münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini bildirib. O, ABŞ səfirliyinin mədəniyyətlə bağlı layihələrə diqqətini, eləcə də iştirakını xüsusi vurğulayıb.
Ə.Qarayev Azərbaycanın mədəniyyət və turizm sahəsində əlaqələrə böyük önəm verdiyini diqqətə çatdıraraq bu əməkdaşlıq zəminində ölkənin ABŞ-da müxtəlif sərgilərdə və mədəniyyət tədbirlərində iştirakından bəhs edib.
R.Sekuta gələcəkdə sıx əməkdaşlığın davam edəcəyinə ümid etdiyini deyib və çoxsaylı mədəniyyət və turizm tədbirlərində iştirakdan məmnunluq ifadə edib.
Bundan başqa, səfir vurğulayıb ki, ölkədə müxtəlif dinlərə mənsub, fərqli dilləri və mədəni irsi olan xalqlar bir arada sülh şəraitində yaşayır və bu, Azərbaycanın tolerant ölkə olduğunu nümayiş etdirir.
A.Zeydullayeva