Qərb regionunda ilk dəfə olaraq Gəncədə mətbuat evi istifadəyə verilib. Bu barədə İnterfax-Azərbaycan agentliyinin regional bürosu xəbər verir.
İnşasına 2012-ci ildə başlanılan 5 mərtəbəli mətbuat evi 460 kvm sahədə xüsusui layihə əsasında tikilib. Müasir informasiya komunnikasiya texnologiyaları və sürətli internetlə təchiz olunan binada jurnalistlərin normal fəaliyyəti üçün 30-a qədər otaq və 100 nəfərlik konfrans zalı var.
“Bu mərkəz mətbuatın, xüsusiylə də regionlarda inkişafına faydalar verəcək. Burada ezam edilən jurnalistlər üçün gecələmək imkanı da yaradılıb. Milli mətbuatın 140 illik yubileyinə bu mətbuat evi bir töhfə oldu. Yubiley münasibəti ilə mətbuat işçilərinin mükafatlandırılması da nəzərdə tutulur” – deyə Milli Mətbaut Şurasının sədri Əflatun Amaşov bildirib.
Mətbuat evi ilə tanışlıqdan sonra Gəncədə milli mətbuatın 140 illiyinə həsr edilən regional konfrans keçirilib. Ölkədə jurnalistlərin normal fəaliyyəti üçün kifayət qədər qanunlar və hüquqi bazanın mövcudluğu qeyd olunub, milli mənəvi dəyərlərimizin qorunmasında mətbuat işçilərinin sanballı tövhələrindən danışılıb.
Azərbaycan mətbuatını üzərinə düşən böyük məsuliyyət və vəzifələr var. Azərbaycan dövləti də bu missiyanın həyata keçməsi üçün kompleks tədbirlər həyata keçirir. Dövlət siyasətində mətbuatın azadlığının təmin olunması prioritet yer tutur” – deyə PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehtiyev qeyd edib.
F.Mehdiyev