Bakı Ali Neft Məktəbində (BANM) “Bakı-2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev iştirak edib.
Tədbirdə çıxış edən ali məktəbin rektoru Elmar Qasımov I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsindən danışaraq, bu əlamətdar idman hadisəsinin tarixi bir hadisə olduğunu, ölkəmizin, o cümlədən milli dəyərlərimizin təbliğində böyük imkanlar yaratdığını deyib.
E.Qasımov bildirib ki, Avropa Oyunları könüllülər üçün ünsiyyət, dünyagörüşü, yeni mədəniyyətlərlə tanışlıq üçün bir vasitə olmaqla yanaşı, onlar üçün böyük təcrübə olub, ölkəmizdə könüllülük institutu formalaşıb. O, həmçinin, məlumat verib ki, tələbələr bu müddət ərzində könüllü kimi fəaliyyət göstərərək vətənpərvərlik və fədakarlıq nümayiş etdiriblər.
E.Qasımov oyunların yüksək səviyyədə keçirilməsində xüsusi xidmət göstərmiş BANM-in könüllülərinə təşəkkürünü bildirib.
F.Hacıyev I Avropa Oyunlarının əhəmiyyətindən söz açıb. O, oyunların Azərbaycan üçün önəmli bir hadisə olduğunu vurğulayıb və BANM-in tələbələrinin bu oyunlarda könüllü kimi iştirakını yüksək qiymətləndirib.
F.Hacıyev əlavə edib ki, heç də təsadüfi deyil ki, könüllülərin fəaliyyətindən hamı razı qalıb. O, könüllülük hərəkatının vüsət almasından danışaraq oyunlarda ümumilikdə 20minə yaxın könüllünün iştirak etdiyini bildirib və onların öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirdiklərini vurğulayıb. O, həmçinin, BANM-in könüllülərinə fəal iştiraka görə təşəkkür edib.
A.Zeydullayeva